Xəbərlər
İdeyalar

 DÜNYA MALİYYƏ BÖHRANI İLƏ BAĞLI RESPUBLİKA ENERJİ SEKTORUNDA QABAQLAYICI TƏDBİRLƏR

Dünya maliyyə böhranının Respublikamızda real iqtisadi sektora mənfi təsirlərini qismən neytrallaşdırmaq məqsədi ilə elektrik enerjisi sektorunda bəzi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zəruridir. Bu zərurət qeyd olunan sektorun maliyyə məsrəflərdə olan böyük payı ilə bağlıdır. Hökumətin qabaqlayıcı tədbirlər proqramını həyata keçirmək planlarının olduğunu nəzərə alaraq, Azərbaycan Mühəndis və Energetiklər Birliyi bununla bağlı özünün bəzi təklif və mülahizələrini jurnalın oxucuları və ictimaiyyətlə bölüşmək qərarına gəlmişdir.

Respublikanın maliyyə məsrəflərində enerji sektorunun əhəmiyyətini qeyd etmək üçün aşağıdakı bir neçə rəqəmi nəzərdən keçirək. 2007-ci ildə respublikanın istilik elektrik stansiyalarında 19,053 mlrd kVts elektrik enerjisi istehsal olunmuşdur və bu istehsal prosesinə 352,9qr/kVts şərti yanacaq sərf olunmuşdur. Azərbaycanın istilik elektrik stansiyalarında iki növ yanacaq: qaz və mazutdan istifadə olunur. 2007-ci ildə «Azərenerji» ASC-nin bütün istilik elektrik stansiyalarında istifadə olunan yanacağın 79 % - ni qaz, qalan 21 % - i isə mazut təşkil etmişdir. Qeyd olunan parametrlər daxilində yalnız istilik elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinə, dünya bazar qiymətləri ilə, 2 mlrd ABŞ dolları ekvivalentində yanacaq sərf olunmuşdur. Elektrik enerjisinin maya dəyərini hesablamaq üçün MDB məkanında ən böyük enerji potensialına malik - Rusiya Federasiyasında (Azərbaycan istilik elektrik stansiyaları əsasən həmin qrupdandır) elektrik enerjisinin maya dəyərinin strukturunu əsas götürək. Rusiyada elektrik enerjisinin maya dəyərinin 47-48%-ni yanacaq təşkil edir. Eyni strukturu bizim enerji sistemə tətbiq etsək, respublikamızda bir il ərzində istilik elektrik stansiyalarının fəaliyyətini təmin etmək üçün 4,2 mlrd ABŞ dolları miqdarında vəsaitə ehtiyac olduğu aydınlaşar. Nəzərə alsaq ki, enerji haqları tam yığılmır, hökümətin külli miqdarda vəsait itirdiyi nəticəsinə gələrik. Respublikamızın iqtisadiyyatının yüksək templərlə inkişafı zamanı belə dövlətimiz üçün maliyyə böhranı şəraitində yuxarıdakı rəqəm ciddi siqnal rolunu oynamalıdır.

Əlbəttə, reallıqda vəziyyət tam belə deyildir. Hökumət əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yanacağı “Azərenerji” ASC-yə ucuz qiymətə verir. Beləliklə, hökumətin itirdiyi da azalır. Lakin, sektorda işlərin daha optimal təşkili şəraitində hökümət nəinki itkiləri azalda, hətta külli miqdarda vəsaiti qazana bilər ki, bu da böhran şəraitində respublika iqtisadiyyatının müqavimət gücünü artırardı.

 İlk növbədə xərclərinin azaldılmasına cidi fikir vermək lazımdır. İstehsal xərclərinin effektiv idarə olunmasında aşağıdakı əsas istiqamətlərdə işlər aparılmalıdır:

-         elektrik enerjisi itkilərinin azaldılması;

-         təmir zamanı şəbəkədən açılmaların azaldılması hesabına enerjinin faydalı buraxılışının artırılması;

-         avadanlıqların təmiri və istehsal proqramlarının avadanlıqların effektiv yüklənməsi vasitəsilə optimallaşdırılması;

-         yeni tikinti, rekonstruksiya, genişləndirmə və istehsal vasitələrin yeniləşdirilməsi proqramlarının effektivliyinin artırılması;

-         elektrik eneryisinin maya dəyərində yanacağın xüsusi çəkisinin azaldılması, xüsusi və istehsal-təsərrüfat təyinatlı xərclərin azaldılması, təmir vasitələrin yeniləşdirilməsi, rekonstruksiya və yeni tikinti üçün xammal və materialların alınmasının reqlamentləşdirilmiş prosedurunun keçirilməsi, yanacağın dəyərinin alqı sisteminin optimizasiyası vasitəsilə azaldılması, əməyin ödənişinin və əməkdaşların sayının optimallaşdırılması, ümumtəsərrüfat xərclərinin aşağı salınması, kommersiya və idarəetmə xərclərinin azaldılması;

-         ehtiyyatların optimallaşdırılması, qeyri profil xərclərin azaldılması.

 Yeni iri enerji layihələri həyata keçirilən zaman layihələrin qısa zaman müddəti ərzində özünü doğrultması, prinsipal olaraq əsas götürülməlidir. Bu alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində bəzi problemlər yarada bilər. Belə ki, bir tərəfdən Respublika Prezidentinin 21 oktyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 462 saylı sərəncaçı mövcuddur və onun həyata keçirilməsi məcburidir və zamanın tələbidir, digər tərəfdən belə layihələr kommersiyadan daha çox sosial və ekoloji əhəmiyyət daşıyır.

 Dünyada eyni zamanda qida problemi ilə bağlı böhranın elementləri açıq-aydın nəzərə çarpmaqdadır. Alternativ enerji mənbələrin inkişaf etdirilməsində əkinə yararlı torpaqların əhəmiyyəti mütləq şəkildə nəzərə alınmalıdır. Bu mənada belə layihələr həyata keçirilən zaman bir neçə faktorun optimal uzlaşdırılması son vaxtlar cərəyan edən hadisələr fonunda daha qabarıq görünür:

-         layihənin iqtisadi cəhətdən səmərəliliyi;

-         layihənin sosial və ekoloji əhəmiyyəti və

-         layihənin əkin sahələrinə təsiri.

 Hesab edirik ki, eyni zamanda təxirəsalınmadan aşağıdakı tədbirlər ardıcıllıqla həyata keçirilməlidir:

-         iqtisadiyyatın intensiv inkişafı və tələbatın müvafiq dəyişməsi nəzərə alınaraq elektroenergenikanın yeni konsepsiyası və inkişaf proqramı hazırlanmalıdır;

-         sektoru tənzimləyən qanunvericilik bazasında ciddi dəyişikliklər edilməlidir;

-         sektorda liberallaşma getməli, geniş özəlləşdirmə proqramı hazırlanıb həyata keçirilməlidir;

-         müasir progressiv texnologiyaların verdiyi imkanlardan yararlanmaqla enerjidən effektiv istifadəyə nail olunmalı və bu istiqamətə nəzarəti həyata keçirən geniş səlahiyyətlərə malik dövlət qurumu yaradılmalıdır;

-         yeni istilik sistemləri yaradılmalı, mərkəzi isitmə sistemlərini bərpa etməklə istilik problemi həll edilməlidir;

-         yalnız görülmüş tədbirlərin nəticələri nəzərə alınaraq yeni güc vahidləri yaradılmalı, yarımstansiyalar və yüksək gərginlik elektrik verilişi xətlərinin ötürücülük qabiliyyətləri artırılmalı, müasir dispetçer və idarəetmə sistemi yaradılmalıdır.

 

 Nəticə olaraq onu qeyd etmək istərdik ki, sektorun fəaliyyətində yuxarıda göstərilən tədbirlərin nəzərə alınması və həyata keçirilməsi dünyada yaşanan və dərinləşməkdə olan maliyyə böhranının respublikamızın real iqtasadi sektoruna mənfi təsirlərini kompensasiya etməkdə əhəmiyyətli effekt verə bilər.

EE-nə qənaət edən texnologiyaların tətbiqi yollarının biri də istehlakçılarla bağlanan yeni müqavilələrdə ET tətbiq səviyyəsinin nəzərə alınmasıdır. Son nəticədə (respublikamızda EE-si istehsalçıları bazarı yaranan zaman) belə müqavilələr qiymətli kağızlar kimi alınıb satıla bilər.

Az enerji istehsal etməklə hökumət əldə etdiyi iqtisadi qənaətlə bərabər ümumdünya miqyasında atmosferin az zəhərləndirməsinə görə müəyyən dividentlər qazana bilər.

İnkişaf etmiş kapitalist dövlətlərində EE-si istehsalçıları dövlət deyil, müxtəlif şirkətlər olduğuna görə EE-nə qənaət şirkətlərin maraqlarına uyğun deyil. Ona görə də orada daha mürəkkəb proqramların keçirilməsinə ehtiyac vardır. Bizdə isə EE-si istehsalçısı hökumətin özü olduğu üçün ET-ın tətbiqinə daha münbit şərait vardır. Bu respublikamızın energetika təsərrüfatında ET-ın tətbiqinə ümidləri və bununla bağlı enerji çatışmamazlığında olan problemlıərin həllində ciddi nəticələrə nail olmağa ümidləri artırır.

 

Kitablar