Xəbərlər
İdeyalar

 ELEKTRİK ENERJİSİNİN EFFEKTİV İSTEHLAKI

Elektrik enerjisi (EE) qenerasiyasının daha effektiv və mükəmməl metodlarının yaranması, bazar iqtisadiyyatı üstünlüklərinin köməyi ilə enerji sektorunda rəqabət mexanizmlərini yaratmağa imkan vermiş, EE-nin istehsalının və ötürülməsinin effektivliyini artırmağa və son nəticədə istehlakçı üçün qiymətin aşağı düşməsinə gətirən şəraitin ortaya çıxmasının əsasını qoymuşdur. Bu nəticələr yalnız və yalnız elektrik enerjisindən effektiv istifadə edilməsi şəraitində reallaşa bilər. Respublikamızda elektroenerji sektorunda effektivliyin azalması, kommersiya itkilərin artması, avadanlıqların ifrat yüklənməsi və müəssisələrin rəqabət qabiliyyətlərinin azalması şəklində aşkar görünür. Avadanlıqların köhnəlməsi, elektroenerji sektoruna qoyulan investisiyaların effektivliyinin azalması və enerji haqlarının yığımının aşağı səviyyədə qalması, gələcəkdə problemin dərinləşməsinə gətirəcəkdir. Enerjidən effektiv istifadə edilmənin ilk etapı bu günün reallıqlarını (enerji tariflərinin qeyri mükəməlliyi, enerjiyə qənaət maraqlarının olmaması) nəzərdə tutan texnoloji, təşkilati və elmi-texniki tədbirlərdən ibarət olmalıdır. Haqlı olaraq, respublikamızda enerjiyə qənaətin iqtisadi mexanizmlərinin olmadığını nəzərə alaraq, indiki halda idarəetmənin inzibati metodlarından, enerjiyə qənaətə məsul insanların və rəhbərliyin maddi mükafatlandırılması sistemindən istifadə edilir. Böyük investisiyalar tələb edən, uzunmüddətli və əhəmiyyətli enerji qənaəti effekti verə biləcək tədbirlər sonraya saxlanılır. Eyni zamanda, tələbatın idarə olunması sahəsində metodik göstərişlərin hazırlanması və həyata keçirilməsinə heç bir mane olmadığı halda bu işlər həyata keçirilmir.

Enerji effektivliyinin artırılması, sektorun fəaliyyətinin və inkişafının ümumi effektivliyinin artırılması ilə bağlı olan iqtisadi, təşkilati və texniki məsələlər kompleksinin həllini tələb edir. Effektiv texnologiyaların (ET) stimullaşdırılması həyata keçirilməli, tələbatın idarə olunması imkanları genişləndirilməli, texnoloji tələbatlar üçün enerji xərcləri azaldılmalı, fəaliyyətdə olan avadanlıqların effektivliyi artırılmalıdır. Tariflər, zaman və məkandan asılı olaraq işlərin vəziyyəti barədə EE-si bazarına pozitiv siqnallar gətirməlidir. Qiymət strateji məqsədləri həyata keçirməklə bərabər real vəziyyətlə sıx bağlı olmalıdır. Bizdə hal-hazırda fəaliyyət göstərən üç pilləli tarif sistemi bu incəliklərin hamısını nəzərdə tutmur. Yanacağın və enerjinin istifadəsinin effektivliyinin artırılması və itkilərin azaldılması, enerji sektorunun effektivliyinin artırılmasının əsasını təşkil etməlidir. Ölkə iqtisadiyyatının elektrik enerjisinə olan tələbatın minimum xərclərlə ödənilməsi məqsədilə aşağıdakı texniki tələbatın idarə olunması tədbirləri həyata keçirilməlidir:

-          enerji avadanlıqların yüklənməsini optimallaşdırmaq məqsədilə istehlakçıların elektrik yüklərinin idarə olunmasında texniki və təşkilati vasitələrdən istifadə;

-          istehlakçıları çoxfunksiyalı müasir elektron sayğacları ilə təmin etmək şərti ilə kommersiya uçotunun avtomatlaşdırılmış mükəmməl sisteminin yaradılması;

-          enerji avadanlıqların iş rejimlərini yaxşılaşdirmaq məqsədilə müstəqil enerji mənbələrinin yaradılmasının və enerjiyə qənaət edən cihazların tətbiqinin stimullaşdırılması (İstehlakçıların enerjiyə qənaət edən tədbirləri həyata keçirməsi şəbəkə və transformatorların ifrat yüklənməsinin qarşısını alar, tariflərdə investisiya faktorunun təsirini azaldar və ümumiyyətlə, elektroenerji sektoruna investisiya tələbatlarının artırılmasının qarşısını alar).

 Təşkilati məsələlər olaraq aşağıdakıları həyata keçirmək lazımdır:

-          enerjiyə qənaət proqramının işlənməsi, qənaətin stimullaşdırılmasının və maliyyələşdirməsinin təşkili;

-          normalar sisteminin genişləndirilməsi və tarif siyasəti;

-          reklam və informasiya fəaliyyətinin təşkili;

-          enerjiyə qənaət və tələbatın idarəolunması mərkəzlərinin yaradılması.

 Elektroenerji müəssisələrinin tədqiqatının aparılması qaydalarının, enerjiyə qənaətin reallaşdırma mexanizmlərinin və informasiya sistemlərinin, tələbatın idarə olunması proqramının, enerjiyə qənaət tədbirlərinin həyata keçirilməsi nəticəsində gözlənilən iqtisadi nəticələrin və real enerji-yanacaq göstəricilərin hesablanması metodlarının, tarif differensasiyasının əsaslandırılmasının, respublika ekoloji göstəricilərinin yaxşılaşdırılması tədbirlərinin və s. işlənməsi sektorda fəaliyyət göstərən institutlar tərəfindən həyata keçirilməlidir.  EE-nə qənaətin təmin edilməsi üçün yeni sistemlərin planlaşdırılması, işlənməsi, maliyyələşdirilməsi, tikintisi, idarə olunması və xidmətə götürülməsini özündə cəmləşdirən xüsusi programlar hazırlanmalıdır. Dövlət miqyasında istehlakçılara qoyulan ET-rı tətbiq etmək tələbləri EE-dən istifadənin qənaətcilliyinin təmin edilməsi üçün əsas şərtlərdən olmalıdır. İnkişaf etmiş kapitalist ölkələrin çoxunda EE-nə qənaətin mümkün ola bilən imkanların çoxundan istifadə olunub. Ona görə həmin ölkələrdə qənaətin sonrakı dinamikası bahalaşır. Bu mənada EE-dən effektiv istifadə olunması sahəsində respublikamızda şərait daha əlverişlidir, biz daha az məsrəflə daha çox qənaətə nail ola bilərik. Ona görə EE-nin effektiv istifadə olunması Qərbə nisbətən bizdə daha perspektivlidir.  EE-nin istehsalçısı və satdığı enerjiyə görə külli miqdarda vəsait itirən hökumət olduğına görə EE-dən effektiv istifadə olunmada ən maraqlısı dövlətdir və bu da respublikamızda effektiv texnologiyaların tətdiqinə münbit şəraitin olduğuna işarədir.  Enerjiyə qənaət proqramının əsas prinsipi - tədbirlərin həyata keçirilməsinə çəkilən xərclərin qənaət olunan enerjiyə nisbətən (effektivlik) minimum olmasıdır. Bu prinsip minimum xərclərlə maksimum effekt verən tədbirlərin seçilməsini tələb edir. EE-nin maksimum effektiv qənaətinə aşağıdakı sahələrdə nail olmaq olar:

-          işıqlandırma;

-          elektromexaniki sistemlər;

 - yemək və mənzillərin soyudulması və qızdırılması.

 Bu gün işıqlanmada lüminessent lampaların tətbiqinə cüzi vəsait qoymaqla sərf olunan EE-nin 80%-nə qənaət etmək olar. Hal hazırda əhali işıqlanma məqsədi ilə közərmə lampalarından istifadə edir. Hər abonent beş ədəd 100Vt-lıq lampa istifadə etməklə işıqlanma üçün ildə orta hesabla 1095 kVts elektrik enerjisi istehlak edir (hesabat zamanı hər günə 6 saat işıqlanma müddəti götürülür) və işlətdiyi enerjinin təqribən üçdə bir hissəsinin haqqını ödəyir. Beləliklə, hökumət hər bir abonentə, yanacağın dəyəri azad bazar qiymətləri ilə ölçülərsə, orta hesabla ildə 96,58 AZN (yalnız işıqlanmaya görə) dotasiya ödəməli olur. Ümumiyyətlə, hökumətin ildə itirdiyi vəsait 193,58 mln AZN-ə bərabər olur (respublika üzrə əhali abonentlərinin sayı 2 mln nəfər götürülür).  Közərmə lampaları kompakt lüminessensiya lampaları ilə əvəz edilən zaman (lüminessent lampalarının effektivliyi közərmə lampalarına nəzərən, təqribən beş dəfə çoxdur) vəziyyətin necə dəyişdiyini izləyək. İndiki vəziyyətdə əhali abonenti hər ay işıqlanmaya görə 1,78 AZN ödəyir. Lüminessensiya lampalarından istifadə zamanı hər abonent eyni məqsədlə 1AZN (bu tamamilə realdır) ödəyərsə yığım faizi 92-yə bərabər olacaqdır. Cədvəldən göründüyü kimi, közərmə lampalarından istifadə olunan zaman hökümətin bir ildə itkisi azad bazar qiymətləri ilə 193,153 mln AZN, daxili qiymətlərlə isə 77,526 mln AZN-ə bərabərdir. Lüminessent lampalarına keçilən zaman bu rəqəmlər 23,126 mln AZN və sıfra bərabər olur. Başqa sözlə, kompakt lüminessent lampalarına keçid zamanı, hökumətin rentabelli işləmək imkanı yaranır.  Cədvəldən göründüyü kimi, işıqlanmada lüminessensiya lampalarına keçid, 2,302mlrd kVts (Azərbaycan DRES-nın bir blokunun illik istehsalından çoxdur) elektrik enerjisinə qənaət etmək imkanını verir (təqribən 700.000 ton mazuta ekvivalentdir). Eyni zamanda nəzərə almaq lazımdır ki, bu qənaət edilən enerji axşam maksimumu zamanına təsadüf edir.  Respublika iqtisadiyyatında hələ də qeyri effektiv sovet istehsalı olan elektrik mühərriklərindən istifadə olunur. Reaktiv yükün kompensasiyası sahəsində, bütün inkişaf etmiş dövlətlərdə geniş kommersiya layihələrinin həyata keçirilməsinə baxmayaraq bizdə bu istiqamətdə ən sadə bazar ünsürləri belə hiss olunmur.

 

 Cədvəl: Əhali abonentlərin işıqlandırma sistemlərinin lüminessensiya lampalarına keçirilməsi

 

 

Əhali közərmə işıqlanma lampalarından istifadə edir

Əhali közərmə işıqlanma lampalarını kompakt lüminessensiya lampaları ilə əvəz edir

Güc, kVt

0.5

0.1

6 saatda sərf olunan enerji, kVts

3

0.6

Aylıq sərfiyyatın dəyəri, AZN

5.4

1.08

1 ildə sərf olunan enerji, kVts

1 095

219

Abon. sayı, nəfər

2 000 000

2 000 000

Illik istehlak, kVts

2 190 000 000

438 000 000

İllik istehlakın dəyəri, AZN

131 400 000

26 280 000

Ödəniş, %

33

92

Ödəniş, AZN

43 362 000

24 177 600

İllik istehsal=Illik istehlak + xüsusi sərfiyyat + yüksək gərginlik şəbəksində itki + paylayıcı şəbəkədə itki (cəmi -20%), kVts

2 628 000 000

525 600 000

1 kVts-ın dəyəri, AZN

0.090(azad bazar qiymətləri ilə)

0.046(daxili qiymətlərlə)

0.090(azad bazar qiymətləri ilə)

0.046(daxili qiymətlərlə)

İllik istehsalın dəyəri, AZN

236 520 000

120 888 000

47 304 000

24 177 600

Hökumətin enerjiyə görə itkisi, AZN

-193 158 000

-77 526 000

-23 126 400

0

 

 

Hal hazırda istifadədə olan binalarda mühəndis avadanlıqları sisteminin tam rekonstruksiyası, işıqlandırma cihazlarının daha effektivləri ilə əvəzlənməsi, havanın ventilyasiyası, isitmə və soyutma sistemlərinin rekonstruksiyası tədbirləri, avtomatlaşdırılmış idarə sistemlərinin quraşdırılması günün vacib məsələləridir.  Elektrik mühərriklərinin hərəkətə gətirdikləri nasoslar, kompressorlar və digər avadanlıqların çıxış gücləri müxtəlif texnoloji proseslərə uyğun olaraq dəyişilməlidir. Adətən köhnə texnologiyalar tətbiq olunan zavod və fabriklər buna nasos yaxud kompressorun tam gücü ilə işləyərkən çıxış kanalının azaldılması, yaxud tam bağlanması yolu ilə nail olurlar. Zəruri olan gücün elektron qurğuları vasitəsilə idarə edilməsi yolu ilə elektrik mühərrikləri tərəfindən sərf edilən enerjinin 20%-nə qənaət etmək olar. Bu sahədə əlavə vəsait qoyuluşları bir-iki il ərzində özünü doğrulda bilər. Çıxış gücü idarə edən elektron qurğuları ilə bərabər yüksək effektivli elektrik mühərriklərinin tətbiqi çoxdan həyata keçirilir. Hər iki istiqamətin tam tətbiqi nəticəsində elektrik mühərriklərinin hal-hazırda işlətdiyi EE-nin 50%-nə qənaət etmək olar.  Mənzillərimizin qızdırılmasının nə qədər qeyri-effektiv olduğunu və bu sahədə radikal tədbirlərin həyata keçirilməsinin çox vacib bir məsələ olduğunu heç kəsə izah etməyə ehtiyac belə yoxdur.  İlk baxışdan zəruriliyi belə aydın görünən bu tədbirlərin, EE-nə tələbatı tam ödənilməyən respublikamızda həyata keçirilməməsi məntiqsizdir. ET-ın geniş tətbiqinə nail olmaq üçün hökumətin bu sahədə və inkişaf etmiş Qərb dövlətlərində çoxdan geniş tətbiq olunan tələb və təklifləri uyğunlaşdıran tədbirlər programı olmalıdır. ET-ı respublikaya gətirən, istehsal edən müəssisələrə, onları tətbiq edən istehlakçılara tarif siyasəti vasitəsilə mükafatlandırılmalar həyata keçirilməlidir. Hökumət (EE-nin istehsalçısı) EE-si istehlakçıların qənaət etdiyi hər kVts-a mükafat sistemi yaratmalıdır.  Dövlətin ərazisində fəaliyyət göstərən müəssisələrin və fiziki şəxslərin (ümumiyyətlə istehlakçıların) elektrik cihazlarının və avadanlıqların istehlak parametrləri standartları olmalı və onların yaxşılaşdırılması uğrunda fəaliyyət göstərən istənilən hüquqi və fiziki şəxs mükafatlandırılmalıdır.  Son zamanlara kimi respublikamızın elektroenerji sektoru plan iqtisadiyyatına uyğun istismar normalarına və texnoloji sənədlərə əsaslanmışdı. Buna görə də, bu sistemdə aparılan istənilən islahat onun tətbiq olunma və ona müvafiq idarəetmə sisteminin yaradılması imkanları nöqteyi nəzərindən dərindən analiz olunmalıdır. Əvvəllər istifadədə olan direktiv materiallar aşağıdakı sahələrdə elektrik sərfində nəzarətsiz artıma məhdudiyyətlər qoyurdu:

-          elektrik enerjisinin texnoloji proseslərdə istifadəsi;

-          texnoloji və məişşət sahəsində EE-dən istilik almaq məqsədilə istifadə olunması.

Hər iki halda EE-nin istifadəsi digər enerji növlərindən istifadə olunma imkanları olmadığı, yaxud xüsusi keyfiyyət və təmizlik tələb olunduğu hallarda, texniki-iqtisadi əsaslanma ilə tətbiq oluna bilərdi. Bu zaman elektrik qurğuları, EE-nə tələbatın maksimum olduğu saatlarda enerji sərfini azaldan avtomatika ilə təmin olunurdu.

 Keçid dövrü zamanı məhdudiyyətlərin çoxu ləğv edilmiş, nəticədə aşağıdakı mənfi nəticələr ortaya çıxmışdır:

-          məhdud istehsal və ötürülmə imkanlarına baxmayaraq elektrik şəbəkələrinin ekstensiv inkişafı;

-          böyük sahələrin istilik sistemlərin dağılması;

-          məişət bazarının güclü elektrik qızdırıcı cihazları ilə dolması.

İstilik sistemi effektiv işləməyə başlayarsa EE-nə artan tələbat balanslaşdırıla bilər. Bunun üşün aşağıdakı tədbirlərin görülməsi zəruridir:

-          EE istifadəsinə nəzarət – enerji auditi sisteminin təsis edilməsi;

-          elektrik qızdırıcı cihazlarında və texnoloji proseslərdə nəzarətsiz enerji istifadəsi artımına məhdudiyyətlər qoyan hüquqi normativlərin bərpası;

-          böyük elektrik qızdırıcı cihazların idxalına və istehsalına məhdudiyyətlərin qoyulması;

-          həm mərkəzi, həm də avtonom istilik sistemlərinin bərpası;

-          qaz yaxud dizel yanacağı ilə işləyən 100-250 kVt gücünə malik mini qazanların istehsalının və idxalının stimullaşdırılması;

-          itkilərin azaldılması məqsədilə paylayıcı şəbəkələrin rekonstruksiyası layihələrinin işlənib həyata keçirilməsi;

-          elektrik və istilik enerjisi itkilərini azaltmaq tədbirlərinin işlənməsi və həyata keçirilməsi.

 EE-nin istehlakına qoyulan digər məhdudiyyətlər gözlənilən nəticəni verməz, əksinə mənfi halların yaranmasına gətirər.

 EE-si istehsalçısının və istehlakçıların maraqlarının həmişə üst-üstə düşmədiyini nəzərə alaraq hökumət EE-nə qənaət sahəsində siyasəti həyata keçirmək üçün tələbat və təklif sahəsində müəyyən manevrlər etmək imkanlarını həmişə əlində saxlamalıdır. Hökumətin marketing və reklam siyasətini effektiv qurmaqla qısa bir müddətdə minimal vəsait ilə (tez bir zamanda hökumət dəfələrlə bundan çox vəsaitə qənaət etmiş olacaqdır) respublikamızda ET-ın tətbiqinə nail olmaq mümkündür.  İndi müxtəlif xarici və yerli şirkətlər respublikamızın bir çox yerlərində geniş tikinti işləri aparır. Yeni tikilmiş binaların elektrik şəbəkəsinə qoşulması zamanı binalarda effektiv texnologiyaların tətbiqi ilə bağlı xüsusi güzəştlər sistemi həyata keçirilə bilər.  ET-ın tətbiqi yolu ilə qənaət edilmiş EE-nin özü EE-si istehsalçılarına və istehlakçılarına satıla bilər. Bu yeni bazarın və rəqabətin yaranmasına, qənaət etmənin daha incə yollarının həyata keçirilməsinə kömək edə bilər.  EE-nə qənaət edən texnologiyaların tətbiqi yollarının biri də istehlakçılarla bağlanan yeni müqavilələrdə ET tətbiq səviyyəsinin nəzərə alınmasıdır. Son nəticədə (respublikamızda EE-si istehsalçıları bazarı yaranan zaman) belə müqavilələr qiymətli kağızlar kimi alınıb satıla bilər.  Az enerji istehsal etməklə hökumət əldə etdiyi iqtisadi qənaətlə bərabər ümumdünya miqyasında atmosferin az zəhərləndirməsinə görə müəyyən dividentlər qazana bilər.  İnkişaf etmiş kapitalist dövlətlərində EE-si istehsalçıları dövlət deyil, müxtəlif şirkətlər olduğuna görə EE-nə qənaət şirkətlərin maraqlarına uyğun deyil. Ona görə də orada daha mürəkkəb proqramların keçirilməsinə ehtiyac vardır. Bizdə isə EE-si istehsalçısı hökumətin özü olduğu üçün ET-ın tətbiqinə daha münbit şərait vardır. Bu respublikamızın energetika təsərrüfatında ET-ın tətbiqinə ümidləri və bununla bağlı enerji çatışmamazlığında olan problemlıərin həllində ciddi nəticələrə nail olmağa ümidləri artırır.

 

Kitablar