Xəbərlər
İdeyalar

AZƏRBAYCAN ELEKTRİK ENERJİSİ SEKTORUNDA İSLAHATLARIN

 ZƏRURİLİYİ VƏ ONLARIN ÜMUMİ MƏNZƏRƏSİ

 

İslahatların zəruriliyi.

Azərbaycan Respublikasının Prezidenti, Möhtərəm H.Əliyevin 1996-cı il 17 sentyabr tarixli, 423 saylı sərəncamı ilə ölkə ərazisindəki elektrik stansiyaların mülkiyyəti, magistral elektrik verilişi xətləri, dispetçer idarəetmə sistemi, rayon paylayıcı şəbəkələri, sektorun xidmət-tikinti və elmi tədqiqat-layihə təşkilatları “Azərenerji” ASC-nin Nizamnamə Kapitalına keçirilmişdir. Bu tarix respublika enerji sektorunda islahatların başlanğıcı kimi qəbul oluna bilər.

 “Azərenerji” ASC-nin aktivləri elektrik enerjisinin istehsalı ilə məşğul olan elektrik stansiyalarından və enerjinin ötürülməsi və paylanması ilə məşğul olan şaquli tabeçiliyə malik regional elektrik şəbəkələrindən ibarətdir.

 Elektrik enerjisi sektorunun hazırki vəziyyətini aşağıdakı kimi xarakterizə etmək olar:

-          son illər tikilmiş elektrik stansiyaları – Şimal və Sumqayıt elektrik stansiyaları çıxmaq şərti ilə qalan generasiya güclərinin texniki göstəriciləri - yanacağın xüsusi sərfi, avadanlıqların orta f.i.ə və s. kimi parametrləri inkişaf etmiş dövlətlərin analoglarından geri qalır, modul tipli koherent elektrik stansiyaları yalnız elektrik enerjisi generasiyası rejimində işləyir;

-          effektivliyin artırılması, elektrik enerjisinin istehsalı və istehlakının rejimlərinin rasional planlaşdırılması və enerjiyə qənaət edilməsi stimulu zəifdir;

-          enerji təchizatında fasilələrin mövcudluğu, ötürücü alt sistemin vəziyyəti ilə bağlı qəzaların baş vermə ehtimalının hələ də qalması;

-          sahəyə yeni müəssisələrin daxil olması üçün hüquqi bazanın olmaması;

-          elektrik enerjisi haqlarının tam ödənilməməsi.

 2002-ci ilə kimi yığım çox aşağı səviyyədə (10%) olmuş və hökumətin sonradan normativ-hüquqi bazanın dəyişdirilməsi, maliyyə köməyi və əməli sahədə apardığı gərgin səyləri nəticəsində ciddi şəkildə artmış, lakin yığım tempinin artma sürəti sonradan zəifləmiş və yığım 70% səviyyəsində qərarlaşmışdır. Abonentlərin debitor borcları artmaqda davam edir. İnvestisiya fəaliyyətinin aktivləşdirilməsində tarif faktorunun təsirinə və özəl kapitalın cəlbinə kifayət qədər fikir verilmir. İstehsal olunan elektrik enerjisinin maya dəyərində yanacağın payı çox yüksəkdir ki, bu da son nəticədə istehsal xərclərinin idarə olunmasının manevr imkanlarını xeyli dərəcədə daraldır.

 Bütün bunlara baxmayaraq “Azərenerji” ASC, respublikanın intensiv artan iqtisadiyyatının enerji tələbatlarını layiqincə ödəmiş və hətta son bir neçə ildə hasilatın azalmasına nail olmuşdur. Hasilatın azalmasının əsas səbəbi sektorda istehsal-istehlak intizamının ciddiləşdirilməsi olmuşdur.

 Respublika rəhbərliyi tərəfindən aparılan effektiv iqtisadi siyasət nəticəsində investisiya fəaliyyəti üçün yaradılmış münbit iqtisai şərait, bundan sonra da respublika iqtisadiyyatının daha yüksək templə artan inkişafina zəmin yaradır. Belə bir şəraitdə sektorun inkişafına daha böyük investisiya yatırımların, xüsusən özəl yatırımların edilməsinə və sektorda rəqabətli bazar mühitinin yaradılmasına ehtiyac olduğu aydınlaşır. Elektrik enerjisi sektorunda müəssisələrin effektivliyinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, istehlakçıların etibarlı və dayanaqlı elektrik enerjisi ilə təmin etmək üçün islahatların aparılmasını zəruri edir. Respublika enerji sahəsində geniş bilik və təcrübəyə malik alim-mühəndislərin, xarici ekspertlərin, dövlət orqanları və müxtəlif biznes qurumları ilə məslətləşmələrə başlamaq və sektorda reformalara başlamaq üçün elektrik enerjisi sektorunda islahatlar sənədlər paketinin qəbul olunmasının vaxtı çatmışdır.

 

 İslahatların ümumi mənzərəsi.

  1. “Azərenerji” ASC-nin strukturunda, hal-hazırda, generasiya gücləri, ötürücü xətlər, dispetçer xidməti, paylayıcı şəbəkələr və xidmət müəssisələri şəklində bölünmə aparılmışdır. İslahatların ilk etapında “Azərenerji” ASC-nin ötürücü xətlər şəbəkələrində və dispetçer idarəetməsini həyata keçirən Sistem Operatopu üzərində nəzarəti saxlanılmaqla qalan müəssisələrin ərazi və istehsal zərurətləri ilə bağlı şirkətlərdə birləşərək müstəqil fəaliyyət göstərməsi zəruridir.

  2. Respublika elektrik enerjisinin topdan və pərakəndə satış bazarının fəaliyyəti normaların və həmin normalar əsasında alıcı və satıcı arasında müəyyən olunmuş kvotalara müvafiq tənzimlənən qiymətlər əsasında ikitərəfli müqavilələrin bağlanması və enerjinin kvotalarla örtülməyən hissəsinin tənzimlənməyən qiymətlər əsasında alınması qaydalarının işlənməsinə ehtiyac vardır. Topdan satış bazarının tənzimlənməyən hissəsi (eyni qaydada pərakəndə satış bazarının tənzimlənməyən hissəsi) tədricən artırılmalı və yaxın 5-10 il ərzində 100%-ə qaldırılmalıdır.

  3. “Azərenerji” ASC-nin müvafiq strukturlarının bazasında, müstəqil fəaliyyət göstərən, elektrik enerjisi texnologiyaları, avadanlıqları, xidmətləri və məhsulların bazarı üçün analitik-informasiya ticarət və alqı-satqı əməliyyatları elektron sistemləri yaradılmalıdır.

  4.  Sektorda, özünüidarəetmənin effektivliyinin artırılması üçün sektorun bütün müəssisələrinin, o cümlədən, generasiya gücləri, ötürülmə, dispetçer xidməti, paylayıcı şəbəkələr və ən böyük istehlakçıların səlahiyyətli nümayəndələrinin daxil olduğu “Bazarın İdarəetmə Orqanı” yaradılmalıdır.

 İslahatların əsas ideyası elektroenergetikanın bazar istiqamətli hissəsinə xüsusi kapitalın cəlb edilməsi yolu ilə investisiya imkanlarının artırılmasından, enerjinin ötürülməsi və dispetçer xidmətlərini həyata keçirən monopoliya istiqamətli hissəsinə dövlət nəzarətinin gücləndirilməsindən ibarətdir. Prosesin başlanması yeni yaradılan ərazi və istehsalat zərurətləri ilə bağlı birləşmiş generasiya gücləri şirkətlərinin özəl kapitalın xeyrinə əlavə səhm emissiyasının yerləşdirilməsindən və “Azərenerji” ASC-nin bu generasiya güclərindəki səhmlərinin satışı şəklində investisiya qoyuluşlarından sonra mümkün olacaqdır.

 İslahatlardan sonra sektorun beş əsas iştirakçısı olacaqdır:

1.Elektrik enerjisi sektorunda fəaliyyət göstərən bütün təşkilatların nümayəndələrinin iştirakı ilə fəaliyyət göstərən “Topdan Satış Sisteminin Administratoru" qeyri kommersiya strukturunın əsas məqsədi sektorda elektrik enerjisinin və güclərin azad topdan satışının təşkili, rəqabət münasibətlərinin inkişaf etdirilməsi və bazar iştirakçılarının maraqlarının gözlənilməsindən ibarət olmalıdır.

2.      “Enerji Sistemin Operatoru” ASC-nin əsas məqsədi enerji obyektlərin fəaliyyətlərinin texnoloji rejimlərinin idarə olunması, texniki və enerji sistemin etibarlılıq parametrlərinin təmin olunması və onlara nəzarət etməkdən ibarətdir. “ESO” ASC– də nəzarət paketi hökümətin əlində olmalıdır.

3.      “Generasiya Gücləri Sistemi” müəssisələrinin əsas məqsədi elektrik enerjisini istehsal edib topdan satış bazarına çıxarmaqdan ibarətdir.

4.      “Yüksək Gərginlik Şəbəkələri Sistemi” ASC-nin məqsədi yüksək gərginlik şəbəkələrinin idarə olunması və inkişafı, topdan satış bazarının iştirakçılarına elektrik enerjisinin ötürülməsində xidmət göstərməkdən ibarətdir. “YGŞS” ASC – də nəzarət paketi hökümətin əlində olmalıdır.

5.      “Regional Paylayıcı Elektrik Şəbəkələri Sistemi” müəssisələrinin əsas məqsədi elektrik enerjisinin aşağı gərginlik şəbəkələri (“YGŞS”ASC - yə aid olmayan elektrik şəbəkələri təsərrüfatı) vasitəsi ilə son istehlakçılara çatdırılmasından ibarətdir.

 Dövlət orqanının qeyd olunan sektorda fəaliyyəti dövlət idarəçiliyinin effektivliyinin yüksəldilməsindən ibarət olmalı, sektorda baş vermiş radikal dəyişiklikləri nəzərə alaraq elektrik enerjisi sektorunda dövlət idarəçiliyi prinsiplərini yenidən işləməlidir. İslahatların həyata keçirikməsinin son nəticəsi kimi elektrik enerjisi sektorunda mövcud struktur ləğv edilməli, generasiya və paylama sahəsində real bazar iqtisadiyyatı qanunları işləməlidir.

 

Kitablar