Xəbərlər
İdeyalar

AZƏRBAYCAN BARƏDƏ QISA MƏLUMAT

 

Azərbaycanı - coğrafi şəraiti, zəngin yeraltı və yerüstü təbii sərvətlərinə görə, zəngin, varlı ölkələr sırasına aid etmək olar. Əhalisinin əməksevərliyi, öz təbii sərvətlərinə yanaşması baxımından da o, qonşu dövlətlər sırasında iqtisadi cəhətdən ən inkişaf etmiş respublikadır.

Azərbaycan Respublikası Qafqazın cənub-şərqində yerləşir. Şimaldan Rusiya Federasiyası, şimal-qərbdən Gürcüstan, cənub-qərbdən Türkiyə və Ermənistan, cənubdan İran ilə həmsərhəddir. Sərhədlərinin ümumi uzunluğu - 2646 km, o cümlədən Rusiya Federasiyası ilə - 390 km, Gürcüstanla - 480 km, Ermənistanla - 1007 km, İranla - 756 km, Türkiyə ilə 13 km təşkil edir. Şərq tərəfdən Azərbaycan torpaqları Xəzər dənizi ilə əhatə olunur.

1918-ci ildə yaxın şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik cümhuriyyət quruldu və cəmi iyirmi üç ay fəaliyyət göstərə bildi. 1920-ci ilin aprelində XI Qızıl Ordu Azərbaycanı işğal etdi və Azərbaycan Demokratik Cümhuriyyəti süquta yetirildi. O zaman Azərbaycan Demokratik Cümhuriyyətinin ərazisi 114 min. km2 idi.

İnqilabdan sonra İ.Stalinin və A.Mikoyanın «uzaqgörən» siyasəti nəticəsində Azərbaycan torpaqları hissə-hissə Ermənistana ötürüldü və bu səbəbdən respublikanın ərazisi 86,6 min km2-ə endi.

1988-ci ildə başlanan Qarabağ problemi ətrafında yaranmış məlum hadisələrin sonu - 1993-cü ildə, Ermənistanm işğalçı ordusunun, Azərbaycan ərazisinin daha 20 %-ni işğal etməklə bitdi.

Bir milyondan artıq azərbaycanlı öz torpaqlarından qovularaq evsiz-eşiksiz qaldı.

Azərbaycan Respublikasının tərkibinə Naxçıvan Muxtar Respublikası daxildir.

Respublikanm ərazisi - Böyük və Kiçik Qafqaz dağ sisteminə, Talış dağ sisteminə, geniş Kür-Araz ovalığına, eləcə də, Xəzər dənizi boyunca uzanan ensiz Xəzəryanı və Lənkəran ovalıqlarına bölünür.

Böyük Qafqaz sistemində bir sıra düzənliklər, əsasən də bu düzənliklərin daha böyükləri - Alazan-Avtoran vadisi, Acınohur və ona bitişik Şəradcın düzənliyi, Kür-Qabırrı vadisi arasında yerləşən Ceyrançöl düzənliyi öz genişliyi, zəngin fauna və florası ilə fərqlənirlər.

Kiçik Qafqaz sistemində, Mingəçevirdən Gürcüstanın sərhəddinə qədər, Kür çayının sağ sahili boyunca uzanan maili Gəncə-Qazax massivi yerləşir. Naxçıvan Muxtar Respublikası dairəsində Dərələyəz, kiçik Zəngəzur dağ silsiləsi və çox da böyük olmayan məhdudlaşmış Sədə-Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Ordubad mailli düzənlikləri uzanır.

Yuxarıda adı çəkilən massivlərdə respublikanın kənd təsərrüfatı sahələri cəmləşdirilib. Bu sahələrin fəaliyyəti, inkişaf perspektivi yerləşdiyi torpaq fondundan istifadə etmək qanunları üzərində qurulub.

Respublika ərazisinin iqlimi də, bir sıra faktorlarla müəyyənləşdirilmiş müxtəlif tipli amillərlə - coğrafi en dairəsi, mütləq yüksəkliklərin müxtəlifliyi, relyefin mürəkkəb olması ilə fərqlənir.

Yer kürəsində mövcud olan on bir iqlim tipinin doqquzu Azərbaycan respublikasının ərazisində yerləşir. Bu - səhra və quru çöl iqlimi, quru qışlı mülayim isti iqlim, quru qışlı soyuq iqlim, quru yaylı soyuq iqlim, mülayim isti iqlim, soyuq iqlim və digərləridir.

Respublikanın ərazisində hidroqrafık şəbəkə olduqca qeyri-bərabər bölünüb.

Çayların şəbəkəsinin orta sıxlığı hər kv.km-ə 0,33 km təşkil edir.

Respublika üzrə 1100-1200-ə qədər çay qeydə alınıb. Bu çayların səkkiz yüz əllisinin uzunluğu – 5 km-dən 50 km-dək, altmış yeddisinin uzunluğu - 50 km-dən 100 km-dək, iyirmi birinin uzunluğu isə - 100 km və daha çoxdur.

Bu tip hidroqrafık şəbəkənin əsasən dağlarda cəmləşdiyi müşahidə edilir. Kiçik Qafqaz dağlarının şimal yamaclarından və Böyük Qafqaz dağlarının cənub yamaclarından axan çaylar Kür çayının hövzəsinə, Kiçik Qafqaz dağlarının cənub yamaclarından axan çaylar isə Araz çayının hövzəsinə tökülür. Böyük Qafqaz dağlarının şimal-şərq yamaclarından və Lənkəran dağlarından baş alıb gələn çaylar birbaşa Xəzər dənizinə tökülür. Respublikanın ən böyük çayları - Kür, Araz, Qanıx, Samur, Xramçay, Arpaçay, Qabırrı və Həkəri çaylarıdır.

Kür, Araz, Qanıx, Samur, Arpaçay, Qabırrı, Ağstafaçay, Bazarçay və bir neçə başqa çayların su axımı Azərbaycan Respublikası ilə qonşu ölkələrin ərazisində formalaşır.

Göründüyü kimi, ölkənin ərazisindən çoxlu miqdarda çaylar axır. Lakin, buna baxmayaraq, bu çaylar su ehtiyatları ilə zəngin deyil. Ölkəyə, xüsusən xalq təsərrüfatı sahələrinə zəruri olan su ehtiyatının əsas hissəsi - 71%-i respublikaya kənar ərazilərdən daxil olur. Bu ehtiyatın yalnız 29%-i respublikanın öz ərazisindən alınır.

Ölkəyə mənsub daxili çayların su axımı mövsümü əsasən yaz fəsillərinə təsadüf edir. Bu fəsillərdə dağlardan baş alıb gələn sular sel şəklində dənizə tökülür.

Münbit balıq və kürü məhsulu yetirən geniş ərazilərə malik Kür və Araz çaylarının axını yay aylarında xeyli azalır, səviyyəsi müvafiq ölçülərdən aşağı enir.

Azərbaycan Respublikasının su ehtiyatları -30,6 mlrd.m3, tranzit çay axını - 21,7 mlrd.m3 təşkil edir. Respublikanın əlverişli torpaq və iqlim şəraiti, bu ərazilərdə hələ qədim zamanlardan bu yana pambıq və digər istisevər bitkilərin becərilməsinə imkan yaradırsa da, dövrü quraqlıq illərində bu sahələrdə geniş miqyaslı süni suvarılma tələb olunur.

Respublikanın torpaq fondu -8,64 mln. hektar təşkil edir ki, bunun 4,3 mln. hektarı kənd təsərrüfatı üçün yararlı sayılır. Yararlı sayılan bu sahənin 1,5 mln. hektarı süni suvarılan əkin sahələridir.

 

Kitablar